Ölkəmiz Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində dünyanın ən qüdrətli dövlətləri sırasında qərarlaşıb. Azərbaycan bayrağı beynəlxalq arenalarda dalğalanır. Ölkəmizin beynəlxalq nüfuzu və hörməti günbəgün artmaqdadır. Ona görə Azərbaycan ən etibarlı tərəfdaş və dünya ölkələri üçün əsl dost dövlət hesab olunur. Eyni zamanda Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə də ev sahibliyi edir. 2011-ci ildən dünyanın ikinci böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatına üzv olan Azərbaycan 2019-cu ildən etibarən həmin təşkilata sədrlik statusu almışdır. Qoşulmama Hərəkatına sədrlik etdiyimiz müddətdə Azərbaycan qlobal problemlərin həlli istiqamətində mühüm addımlar ataraq, öz layiqli töhfəsini vermişdir.
Məlum olduğu kimi martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə iştirak etmiş, dərin və məzmunlu çıxışında ölkəmizin mövqeyini bir daha nümayiş etdirmişdir. Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.
Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.
Bəli, Qoşulmama Hərakatına üzv olan dövlətlər məhz Azərbaycanın sülh və humanizm prinsiplərinə əsaslanan, sabitliyə töhfə verən müdrik siyasətini dəstəkləyir, Prezident İlham Əliyevin siyasi fəaliyyətini səmimiyyətlə alqışlayırlar. Bu gün qüdrətli Azərbaycan Asiya və Avropaya sülhün gəlişinin təmin olunmasında böyük əməyi və zəhməti olan, həmçinin bu istiqamətdə praqmatik siyasət həyata keçirən ölkə kimi tanınır, sevilir və ölkəmiz beynəlxalq müstəvidə böyük söz sahibi kimi qlobal sülhə töhfə verir.