Azərbaycanda bu kommunal xidmətin qiyməti artdı – RƏSMİbackend

Hazırda Bakıda 5 məktəb, 1 uşaq bağçası, 4 səhiyyə obyekti, 4 digər büdcə təşkilatı, 76 kommersiya obyektinə, ümumilikdə 54 binaya 42 qazanxana vasitəsilə isti su verilir.

Bu sözləri Axar.az-a bəzi binalarda isti su rüsumunun qaldırılması səbəbləri haqqında danışan Azəristiliktəchizat ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O, isti su tariflərinin Tarif Şurası tərəfindən deyil, “Azəristiliktəchizat” tərəfindən binalara çəkilən xərclər nəzərə alınmaqla müəyyən edildiyini bildirib:

“Hazırda Azəristiliktəchizat ASC-nin 462 qazanxanası fəaliyyət göstərir, bunların 42-si həm də 3413 mənzili isti su ilə təmin edir. 1 yanvar 2017-ci ildən etibarən isti su tarifləri Tarif Şurası tərəfindən tənzimlənmir. Cari ilin iyul ayının 1-dən etibarən Azəristiliktəchizat ASC tərəfindən isti su tariflərində dəyişikliklər edilib. İsti su tarifləri isə Azəristiliktəchizat ASC-nin ayrı-ayrı binalar üzrə sərf etdiyi xərclər nəzərə alınmaqla müəyyən edilir. Sözügedən xərclər binadakı mənzillərin və yaşayan sakinlərin sayına və s. görə dəyişir. Yəni Bakı şəhərində isti su verilən binalarda yaşayan vətəndaşlar üçün ümumi deyil, sadaladığımız səbəblərə görə fərqli isti su tarifləri tətbiq olunur. Ona görə bununla bağlı konkret bir rəqəm demək mümkün deyil”.