Azərbaycanda karantin rejimi bu həftə yenidən sərtləşdirilə bilər – AÇIQLAMAbackend

Son iki ayda Azərbaycanda və dünyada koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, yoluxma sayı 4000-ni keçib. Ölənlıərin sayında da kəskin artım müşahidə olnur. Yoluxma sayının kəskin artmasının yenidən sərtləşməyə səbəb olacağı ilə bağlı fikirlər səsləndirilir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, hər gün, harada yaşamağımızdan asılı olmayaraq, ətrafımızda yaxınlarımızın, dostlarımızın və ailə üzvlərimizin xəstələndiyinin, pandemiya ilə mübarizə apardığının şahidi oluruq:

“Seçicilərimizdən, yaxınlarımızdan və dostlarımızdan xəstəxanaya yerləşdirilmə və pandemiya ilə mübarizədə yardımçı olmağımızla bağlı xeyli sayda müraciətlər alırıq. Bütün bu faktlar, Operativ Qərargahın açıqladığı gündəlik statistika onu göstərir ki, pandemiya ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Dövlət pandemiya ilə bağlı hər zaman qabaqlayıcı tədbirlər görüb, görməyə də davam edir. Bununla belə, vətəndaşlarımızın içərisində bu xəstəliyi hələ də ciddiyə almayan insanlarımız da var. Əlbəttə, bu da hər gün yoluxanların və ölənlərin sayının artmasına səbəb olur”.

Deputat vurğulayıb ki, yoluxma sayının çox olması xəstəxanalarda yer çatışmazlığına da gətirib çıxara bilər:

“Pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır. İnsanlarımız İkinci Qarabağ Müharibəsinin sevincini yaşayan zaman karantin qaydalarına əməl etmədilər. Həmin dövrdə də deyildiyi kimi, dövlətimizi və əsgərlərimizi seviriksə, mütləq karantin qaydalarına əməl etməliyik. Düşünürəm ki, proses bu şəkildə davam edərsə, dövlətimiz tərəfindən müvafiq sərtləşməyə doğru gedilə bilər. Hər şey bizim özümüzün əlindədir. 2021-ci ilə biz Qarabağ torpaqlarımızın dircəlməsinə, infrastrukturun yenidən bərpa edilməsinə böyük diqqət, enerji və sərmayə ayırmalıyıq. Bunu nəzərə alaraq, 3 sadə qaydaya əməl etməliyik: maska taxmalı, tez-tez əllərimizi dezinfeksiya etməli və sosial məsafəni qorumalıyıq. Əks təqdirdə, sərtləşmə tədbirlərininn yeni dalğası başlaya bilər. Bu da yenidən iş yerlərinin bağlanmasına və “sms icazə” sisteminin tədbiqinə səbəb olacaq. Bu isə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, həm də insanlarımızın sosial həyatına və sağlamlığına mənfi təsir göstərəcək”.