Azərbaycanda ümumi karantin rejimi uzadıla və miqyası genişləndirilə bilər – AÇIQLAMAbackend

Hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanmış və gündəlik orta rəqəm 520-550 arasında müəyyənləşmişdir. Əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür.

 

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev bildirib ki, gündəlik yoluxanların sayı 500-dən aşağı düşmədiyi üçün karantin rejimi uzadılmalı və miqyası genişləndirilməlidir. Hansı rayonlarda yoluxma daha çoxdursa o bölgələrdə də karantin rejimi tədbiq edilməlidir. Təəssüf ki, bizim əlimizdə virusla mübarizədə başqa silah yoxdur. Yalnız qorunma tədbirlər davam etdirilməlidir. Aparılan maarifləndirmə işləri, edilən xəbərdarlıqlara baxmayaraq vətəndaşlarımızın bir qismi sosial məsafəni gözləmir, maskalardan istifadə etmir, lazım olmadığı təqdirdə bir yerə toplaşır, bəzi rayonlarda yas və toy mərasimləri keçirirlər. Təbii ki, bu çox təhlükəlidir.

 

Kəndlərdə əsas yoluxma mənbəyi keçirilən mərasimlərdir. Yas mərasimlərinə çoxlu insan toplaşır. Hətta nişan və toy mərasimləri keçirirlər. Təəssüf ki, bu da yoluxmanın sayını artırır. Azərbaycanda elə rayon və kənd yoxdur ki, orada koronavirusa yoluxan olmasın. Bundan artıq nə etmək lazımdır ki, insanlarımız məsuliyyətlərini anlasınlar. Cərimələr də artırılacaq. Nəzarət də gücləndiriləcək. Biz polislə yanaşı ictimai nəzarəti də gücləndirməliyik. Vətəndaşlarımız öncə özlərinə, sonra bir-birlərinə nəzarət etməlidirlər. Sovet dövründəki xalq drujinaları bərpa oluna bilər. Bu il könüllülər ildir. Könüllülərdən ibarət durijinalar yaradıb, marketlərdə, qapalı iaşə obyektlərində, ictimai nəqliyyatda məsafənin və maskanın istifadəsinə nəzarət etmək lazımdır. İctimai qınaq da vacibdir. Televiziyalarda və mətbuatda qayda pozanların adları və şəkilləri verilsin. Onlar inzibati tənbeh işlərinə cəlb edilsinlər. Bu virusun olduğuna inanmayanlar və sosial şəbəkələrdə koronavirus yoxdur deyənlər maarifləndirmə məqsədi ilə xəstələrin müalicə olunduğu xəstəxanalarda qeyri-tibbi işlərə cəlb olunsunlar. Düşünürəm ki, bu cür kompleks işlər aparılacaq. Operativ Qərargahın qərarı ilə qaydalar və fəaliyyət tənzimlənməlidir. Kənardan dediklərimiz bizim subyektiv fikirlərimizdir. Müşahidələr və dünya təcrübəsi onu göstərir ki, bu cür kompleks tədbirlər görüləndə nəticə yaxşı olur”.