Bəhruz Məhərrəmov: “Münxen Təhlükəsizlik konfransının 59-cu toplantısı istisnasız olaraq Azərbaycan diplomatiyasının növbəti uğuru hesab olunmalıdır”backend

“Münxen Təhlükəsizlik konfransının 59-cu toplantısı istisnasız olaraq Azərbaycan diplomatiyasının növbəti uğuru hesab olunmalıdır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, ilk növbədə Konfransın zamanlaması Azərbaycan üçün əlverişli oldu: “İnformasiya hücumları və Azərbaycan əleyhinə qaralama kampaniyaları fonunda Bakı Münxen platformasının imkanlarını sözün əsl mənasında fürsətə çevirdi və təcrübəli siyasətçi və diplomat kimi Prezident İlham Əliyevin uğurlu gedişləri ilə ilk gündən üstünlüyü ələ aldı. Bu situasiya özlüyündə 2 vacib reallığı üzə çıxardı.

Birincisi, Azərbaycan milli maraqlarını istədiyi formada təmin edə bilən müstəqil güc sahibi, Prezident İlham Əliyev isə aparıcı güc mərkəzlərinin nəzərində mövqeyi uzlaşılması vacib hesab olunan liderdir. Münxendə bu situasiyanı dərk etmək istəməyən iki beynəlxalq subyekt – Fransa və Ermənistanın növbəti fiaskosu isə reallığın nə qədər dəyişməz olduğunu bir daha göstərdi”.

Deputat qeyd edib ki, Fransa regionda mövcudluğu üçün Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığında maraqlı idi: “Lakin 2020-ci ildə əldə olunan qələbə ilə münaqişə başa çatdıqdan sonra Paris bu imkanın əldən çıxdığını görüb, indi də sülh prosesinə soxulmaq istəyir. Azərbaycan liderinin mövqeyi isə kifayət qədər qətidir. Münxendə də ifadə edildiyi kimi, Paris tərəfsiz olmadığı üçün prosesdə iştirakı mümkün deyil. Üstəlik, Azərbaycan yalnız niyyət ifadə etmir, Prezident İlham Əliyev “sözümüz və imzamız” prinsipi ilə Fransanı prosesdən təcrid etdiyini əməli formada göstərdi. Sülh prosesində tərəf olmağa, hətta Azərbaycana hansısa formada iradəsini diqtə etməyə can atan Makronun tədbirdən əvvəl Parisdə görüş təşkil etmək niyyəti nəinki rədd olundu, üstəlik, o nə Blinkenlə, nə də üçlü paneldə Azərbaycan liderinin Paşinyanla dialoquna buraxılmadı. Yəni Münxen Konfransı həm də Azərbaycanın Fransa kimi dövləti özünün iştirak etdiyi proseslərdən təcrid edə biləcək güc olduğunu nümayiş etdirmək üçün möhtəşəm imkan oldu”.

Bəhruz Məhərrəmov deyib ki, Prezident İlham Əliyev Münxendə həmçinin Laçın-Xankəndi yolunda ekofəalların aksiyası ilə bağlı saxtakar kampaniya və iddiaları da darmadağın etdi və Ermənistanın əks arqumentləri Azərbaycan rəhbərinin tezisləri qarşısında hədsiz sönük qaldı: “Münxen Təhlükəsizlik Konfransı həm də onunla əlamətdar oldu ki, Fransa Azərbaycan-Ermənistan məsələsində təşəbbüsün əlində olduğunu və bununla da Azərbaycana öz iradəsini diqtə etmək gücünə malik olduğunu dünyaya nümayiş etdirmək istəyirdi. Amma rəsmi Parisin nəinki bu niyyəti baş tutmadı, ümumilikdə bu istiqamətdə yürütdüyü siyasət tam iflasa uğradı. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın oyundan kənarda qaldığını anlayaraq, 2020-ci ildə Azərbaycan Prezidenti ilə debatlarda düşdüyü rüsvayçı vəziyyətin təkrarlanmaması üçün ümumiyyətlə, Təhlükəsizlik Konfransına qatılmaq istəmirdi. Lakin Makronun təkidi ilə Münxenə gəlişi ilə Paşinyan növbəti dəfə rəzil oldu, eyni zamanda Parisin heç bir formada Ermənistanı Azərbaycan qarşısında güclü rəqibə çevirə bilməyəcəyini bir daha hər kəs gördü. Münxendə ortaya çıxan digər vacib reallıq isə ondan ibarət oldu ki, bu gün bölgədə bütün proseslər üzrə təşəbbüskar və aparıcı güc məhz Prezident İlham Əliyevdir. Əksinə, Ermənistan isə asılı və öz iradəsi olmayan tərəf kimi nə istədiyini özü də bilmir və qeyri-adekvat davranışlarla, ideyalarla prosesi pozmağa çalışır. Lakin Azərbaycan Prezidenti öz praqmatik yanaşmaları ilə göstərdi ki, istənilən situasiyaya baxmayaraq Azərbaycan tərəfi Ermənistanla münasibətin normallaşması, yekun sülh sazişinin imzalanması istiqamətində qəti təsəvvürə malikdir, bütün təklifləri beynəlxalq hüquqa və ləyaqətə əsaslanır. Eyni zamanda Bakı 30 il ərzində Ermənistanın Azərbaycanlılara qarşı nifrət və soyqırımı siyasəti, işğal və təcavüz, habelə sərvətlərimizin talanması məsələlərinə görə İrəvanın məsuliyyət məsələsinin gündəmdə qaldığını bəyan etməklə atıla biləcək bütün addımların Azərbaycan xalqının maraqlarına xidmət edəcəyini bəyan etmiş oldu”.