Bizim Mehriban xanım!backend

Rəsmi təbliğatdan qat-qat artıq rəğbət qazandıran kadrların müəllifi

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş bölgələri tez-tez ziyarət edən Prezident İlham Əliyevin görüntülərini rəsmi mediadan öncə Mehriban xanım Əliyeva öz rəsmi “instaqram” səhifəsində paylaşırdı. Və müəllifi də çox sadə, səmimi təqdim edirdi – “Sizin Mehriban”. Bu ifadə az bir vaxtda cəmiyyətdə sədaqət, etibar rəmzinə çevrildi.

Bu günlərdə Azərbaycan Prezidentinin Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibə zamanı müxbirin sualı və Prezidentin təəssüratı diqqətimizi çəkdi. Müxbir sözügedən görüntüləri ilk olaraq məhz Mehriban xanımın vasitəsilə aldıqlarını vurğuladı, görüntülərdəki dialoqların və hərəkətlərin Türkiyədə də böyük rəğbətlə qarşılandığını söylədi.

Prezident isə bu kadrların planlaşdırılmadığını, təbii yarandığını bildirdi: “Biz, sadəcə olaraq, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxmışdıq, çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı. Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki, adətən, mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən, orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi. Bilirsiniz, bu sözləri deyərkən, ilk növbədə, mənim gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”.

Prezidentin təbirincə desək, Mehriban xanımın bu təşəbbüsü həm xalq, həm də özləri tərəfindən daha xoşagəlimli oldu. 44 gün ərzində həyəcan və böyük ruh yüksəkliyi ilə çıxışlarını, tvitlərini gözlədikləri, Qələbə sevincini yaşatmış Müzəffər Ali Baş Komandanı xalqa bir az daha yaxınlaşdırdı. Prezident də, Birinci vitse-prezident də bunun fərqini aydınca hiss edirdilər. Və rəsmi heyətin iştirakı olmadan informasiyanın xalqa çatdırılması kimi çətin bir işin öhdəsindən layiqincə gəldilər.

Prezident bu çəkilişlərin təsadüfi olduğunu deyir. Təsadüfi ola bilər, amma ərsəyə gətirilən iş media siyasətinə yeni istiqamət gətirdi. Mehriban xanım Əliyeva bununla mediamıza yeni impuls, yeni düşüncə təlqin edirdi.

O torpaqların həsrətini çəkən insanların gözləriylə çəkilən kadrlar qısa bir zamanda Qələbə tvitləri kimi günün əlamətdar hadisəsinə çevrildi. Prezident 30 il doğma torpaq həsrətini yaşayanların gözləri ilə görür, Mehriban xanım isə görüntüləri kameranın yaddaşına köçürürdü. Çəkdiyi kadrlar rəsmi formatdan kənar, daha səmimi, daha dolğun görünürdü. Kadrlardan kənarda olan Mehriban xanım hər daşı, hər ağacı, həsrətdən çatlamış torpağın hər qarışını belə həssaslıqla lentə köçürürdü. Bununla da Mehriban xanım eşitməyənlərin qulağı, görməyənlərin gözü oldu. Mehriban xanımın kadrlarda görünməməsi Onun daha bir alicənab keyfiyyətini üzə çaxardı: Təvazökarlıq! Özü kadrda görünmək istəməsə də, bu kadrların Mehriban xanımın əl işi olduğu sezilirdi. İncə zövqü, həssas qəlbi ilə harmoniya, vəhdət təşkil edən təvazökarlıq bizə Mehriban xanımı başqa bir prizmadan təqdim etdi – bizə bir daha sevdirdi, düşmənə isə göz dağı oldu.

Mehriban Əliyevanın o günlərdə əsgər libasında dövlət başçısı ilə çiyin-çiyinə azad edilmiş torpaqlarda sərgilədiyi duruş Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayırdı. Elə 27 Sentyabr – Anım Günündə də biz onları şəhidlərin portretlərini daşıyan yürüşün ön cərgəsində gördük və bu dəfə Mehriban xanımın əlində Azərbaycanın ən körpə şəhidinin şəkli var idi. Bu da təsadüfi deyildi. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban Əliyevanın xüsusi diqqəti və qayğısı var.

Dövlət və hökumət rəhbərlərinin səfərlərini, çıxışlarını protokola əsasən, rəsmi mətbuat nümayəndələri, peşəkar fotoqraflar, operatorlar lentə alırlar. Mehriban xanım tərəfindən ştativsiz-filansız çəkilmiş kadrlar isə peşəkarların işindən daha səmimi, daha əziz idi. Çünki bu kadrları çəkən insanın – Qarabağ həsrətini, bu həsrətin şərəfli sonuna çevrilmiş Qələbə sevincini, dədə-baba yurd-yuvalarından didərgin düşmüş insanların iztirablarını anlayan qəlbi vardır.

Bu gün Vətən müharibəsindən sonra, azad edilmiş Qarabağa virtual səyahətlə bağlı internet üzərindən axtarış apararkən bənzərsiz, kreativ, ən çox bəyənilən, sevilən kadrların Mehriban xanıma məxsus olduğunu görürük. Düşünürük ki, xalqın sevgisini birə-beş artıran bu kadrlar iqtidar üçün rəsmi təbliğatdan qat-qat üstün dividenddir.

Artıq neçə aydır ki, orijinal kadrların müəllifi və xoş xəbərlərin ilk carçısına çevrilmiş “Sizin Mehriban” ifadəsi xalq-iqtidar vəhdətinə yeni təravət və istilik qatıb.

İndi hamının eyni səmimiyyətlə güvənəcəyi, adını çəkəcəyi bir ünvan var: “Bizim Mehriban!”.

“Yeni Azərbaycan”