Bunu əsla etməyin…backend

Mövzu bəziləri üçün əhəmiyyətsiz, sıxıcı və ya hazırki mərhələdə aidiyyəti olmaya bilər. Amma problemə növbəti on illiklər üzərindən yanaşdıqda və biraz da vətəndaşlıq məsuliyyəti ilə nəzər saldıqda, düşünməyə dəyər imkanları göz önündə canlana bilər. Düzdü hər kəsin bu səhnəni təsvir etməlisən və ya görməlisən deyə bir məcburiyyəti yoxdur. Lakin, məram insanlıqdırsa burda bir niyyət olmalıdır. Bu niyyətin giriş hissəsini sözlər ilə zəncirləmək fikrindən uzaq olaraq, açıq və müzakirəsiz şəkildə narkotik asılılıq probleminə dair bildikərimi ifadə eləmək istərdim.

Məqsəd və mahiyyəti bir kənara qoyaraq sadəcə səslənmək istərdim. Bilirəm və anlayıram ki, heç kəs bu dünyəvi bəlanın qurbanı olmaq istəməz. Bəli, istəməz ! Əgər ki, bunun nə olduğunu öncədən bilsəydi… Vaxtında məlumatlandırma mühümdür. Kimlər üçün? Bir çoxlarınız deyə bilərsiz ki, gənclər üçün… Xeyr dostlar ! Gənclər üçün necə vacibdirsə, onların valideynləri üçün daha önəmlidir. Hətta zəruridir. Cəsarətlənib aydın şəkildə deyə bilrərəm: “Narkotik istifadəçilərinin çox böyük əksəriyyəti valideynlərinin qurbanlarıdır”. Düzdür valideynlərin bir çoxunun bu sözlərimə əsasən özlərini günahkar görməyəcəklərindən tam əminəm. Lakin biz günahkar axtarışında deyilik, biz problemin növbəti qurbanlarının olmaması üçün həlli yollarını düşünürük. Biz bu prosesdə səbəbkarın narkotik istifadəçisi olduğunu əsas hədəf kimi götürdükcə və həlli yollarını da narkotik istifadəçiləri üzərindən axtarsaq bu problemin həlli tam effektiv olmayacaq, sadəcə zərərlər minumumlaşdırılacaq. Biz məsələyə valideyn-övlad münasibətlərində uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq yanaşmalıyıq. Narkotikdən istifadəyə aparan yolun qarşısını almaqda ən dayanaqlı sipər ailədaxili münasibətlərin sağlam prinsiplər üzərində qurulmuş ailə modelidir. Bir valieynin övladına olan sevgisi nə qədər dəyərlidirsə, ondan daha önəmlisi övladı ilə necə davranmasıdır. Bizim özümüzə və onlara qarşı davranışlarımız “balaca mələklərin” gələcək həyatında müstəsna rol oynayır. Uşaqlar həm genetik olaraq, həm də davranış olaraq bizim davamçılarımızdır. Uşaqlar bizim “mülkiyyətimiz” və ya “əmlakımız” deyil. Balaca qəhrəmənlar bizim sayəmizdə var olan insanlar, daha doğrusu şəxsiyyətlərdir. Biz onların varlığının fərqində olmalıyıq. Kiçik yaşlarından bizim tərəfimizdən hörmət görməlidirlər ki, böyüyəndə onlar da eyni cür davranaraq, özlərindən böyüklərə hörmətlə yanaşsınlar. Uşaqların uşaq kimi böyüməsinə şərait yaratmalıyıq ki, böyüyəndə özlərini şəxsiyyət kimi hiss etsinlər. Həmçinin fikirlərinin və məqsədlərinin formalaşmasında ən yaxın dəstəkçiləri olmalı və daha sonra yarı yolda qoymayaraq xəyallarının arxası ilə getməsinə hörmətlə yanaşmalıyıq. Bir məqama diqqət edək: valideyni tərəfindən sevgisizlik, diqqətsizlik, aqresivlik görən uşaqlar gələcəkdə eynisini tək valideynlərinə yox, bütün cəmiyyətə qarşı edirlər. Demək ki, bir valideynin öz övladına qarşı yalnış davranışları daha sonra cəmiyyət üçün zərərli fəsadlara gətirib çıxarır. Biz problem baş verəndən sonra çəkdiyimiz əziyyətin yüzdən birinin məsuliyyətinin öncədən fərqinə varsaq, bir çox problemin baş verməsinin qarşısını alarıq. Bir valideyn bir sağlam övlad yetişdiririrsə, o tək öz ailəsinin yox cəmiyyətin inkişafına fayda vermiş sayılır.

Dəyərli valideynlər, övladlarımızın şəxsiyyət kimi formalaşmasında ən etibarlı dəstəkçi olmaqla bərabər onların zərərli vərdişlərdən qorunmasının xilaskarı olaq. “Mənim övladım əsla etməz” düşüncəsi ilə arxayınlaşmaq hissinə qapılmadan onların harda daha çox vaxt keçirməsindən, kimlərlə dostluq etməsindən məlumatlı olaq.

Gəlin birlikdə “Narkotikə YOX, narkotiklə mübarizəyə HƏ deyək”

Raqif Allahverdi
Narkomanlığa və Narkotik Vasitələrlə Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi