Çimərliklərə getmək olar, yoxsa qadağandır? – DİN-dən AÇIQLAMAbackend

Bu gün sərt karantin rejimində yaşayan bir çox vətəndaş çimərlik mövsümünün açılmasını arzulayır.

 

 

 

Bildiyiniz kimi, koronavirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin pisləşməsi səbəbindən Azərbaycanda iyunun 21-dən avqustun 5-dək davam edəcək ikinci dəfə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında bu rejim fəaliyyət göstərir.

 

 

 

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yenidən tətbiq olunduğu bölgələrdə çimərliklərə getmək də qadağandır. Operativ Qərargahın son brifinqi zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd etdi ki, sərtləşdirilmiş karantin rejimi avqustun 5-dən sonra uzadılmayacaq və məhdudiyyətlər tədricən qaldırılacaq.

 

 

 

Lakin bu tarixə qədər çimərliklərin açılacağını gözləmək üçün heç bir əsas yoxdur. Ş.Mövsümovun sözlərinə görə, bu, koronavirusla mübarizə üçün bu günə qədər görülən işləri ləğv edə bilər.

 

 

 

“Buna görə də bu məhdudiyyəti hələ ləğv edə bilmərik. Çimərlikləri açmaq çox risklidir. Burada üç məqamı qeyd etmək lazımdır. Birincisi, insanlar böyük bir izdiham şəraitində sosial məsafə saxlaya bilməyəcəklər və bu yoluxmaların sayının artmasına səbəb olacaq. İkincisi, oradakı insanlar özlərinə yemək və su alıb ümumi əşyalardan istifadə edəcəklər ki, bu da risklidir. Üçüncüsü, şəhərin müxtəlif yerlərindən gələn vətəndaşların eyni çimərliyə yığışmasıdır ki, bu da virusun digər bölgələrin sakinlərinə ötürülməsi riskini artırır”, – Ş.Mövsümov bildirib.

 

 

 

O, bu prosesi planlaşdırmaq və təşkil etmək mümkün olacağı təqdirdə məhdudiyyətin qaldırılacağını qeyd edib: “Təəssüf ki, avqustun 5-dək buna nail olmaq mümkün olmayacaq. Ancaq qəbul edilmiş qaydaların riskləri azaldacağına əmin olsaq, avqustun 5-dən sonra bu məsələyə baxılacaq”.

 

 

 

Ancaq bəzi vətəndaşların çimərliklərə getmələri və dəniz sahilində istirahət etmələri heç kimə sirr deyil.

 

 

 

Buta.ws xəbər verir ki, media.az bunun mövcud karantin rejiminin pozub-pozmadığını Daxili İşlər Nazirliyi ilə dəqiqləşdirmək qərarına gəlib.

 

 

 

“Sərtləşdirilmiş karantin rejiminin bir hissəsi olaraq ictimai çimərliklərdən istifadə qadağandır. Ancaq bir vətəndaşın evdən çıxmaq icazəsi varsa, dəniz sahili ilə gəzə, təmiz havada ola bilər. Bu, karantin rejiminin pozulması deyil”, – DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sözügedən sayta bildirib.

 

 

 

O xatırladıb ki, karantin rejimi şəraitində ictimai yerlərdə beş nəfərdən çox adamın toplaşması qadağandır.

 

 

 

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi bu ilin 31 avqustuna qədər uzadılıb.