Dünya Şuşaya baxırbackend

On yeddi ay bundan əvvəl əsirlikdə idin, Əziz Şuşa!

Erməni əsirliyində!

Susuz dəyirmana, odsuz ocağa bənzəyirdin!

Mərd igidlərin, başda baş Sərkərdələri İlham Əliyev olmaqla səni xilas etmək üçün ölüm-dirim savaşına atıldılar!

Keçilməz cığırlardan keçdilər, divar kimi yalçın qayalara dırmaşdılar!

Nə yoruldular, nə də qorxub dayandılar!

Murdar düşməni gözləmədiyi yerdə, gözləmədiyi gündə və saatda qəflətən yaxaladılar.

Əsgər xəncəri, əsgər lapatkası ilə döyüşdülər!

Mərmi və raket atmağa qıymadılar.

Axı sənin hər binan bir abidə, hər daşın bir tarixdir!

Onlar ziyan çəkə bilərdilər!

Bu yerlərdə yuva qurmağa çalışan murdar ləpirliləri iti qovan kimi qovdular!

Yenidən sənin paklığını, gözəlliyini özünə qaytardılar!

Bu qələbənin memarı və təşkilatçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev “dəmir yumruğu”nu sıxaraq sənə gözaydınlığı verdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

***

Şuşanın dirçəlişi günlərlə deyil, saatlarla baş verir.

Bu işdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da ən fəal iştirakçılardan oldu!

Qısa müddətdə qədim Şuşamız öz ənənəvi simasını bərpa etdi!

Cıdır düzündə Novruz tonqalı qalandı…

Bayram paxlavası, şəkərburası yeyildi…

Yenidən bərpa olunan Gövhər ağa məscidindən azan səsi ucaldı…

Qurumuş bulaqlardan su axdı…

Şuşanın dünyaca məşhur övladlarının güllələnmiş heykəlləri geri qaytarılaraq əbədi yerlərinə qoyuldu…

Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalında Azərbaycanda yaşayan bütün xalqların və millətlərin nümayəndələri milli geyimlərində çıxış edərək öz mahnılarını, musiqi və rəqslərini, birlik və həmrəyliklərini nümayiş etdirdilər.

Vaqifin yenicə bərpa olunmuş məqbərəsi önündə ənənəvi poeziya bayramı keçirildi.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdogan Şuşaya gələrək dostu və qardaşı İlham Əliyevlə Türkiyə-Azərbaycan dostluğunun strateji müttəfiqliyə çevrilməsinin təsdiqi sayılan Şuşa Bəyannaməsini imzaladılar!

Dostlar baxdı sevindi, düşmənlər kor oldu!

***

İndi isə azad Şuşa dünyanın hər yerindən bura gələrək Zəfər sevincini bölüşən övladlarını isti qoynuna alır!

Burada dünya azərbaycanlılarının növbəti – V qurultayı keçirilir.

44 günlük Zəfər müharibəsi dövründə özləri Yer kürəsinin ən müxtəlif yerlərində yaşasalar da, ürəkləri Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin yanında olan, sonsuz həyəcanla Vətən müharibəsinin bitəcəyini, qələbə cəngisinin çalınacağını gözləyən vətənsevərlər sevinclərini bölüşmək, minnətdarlıqlarını və təbriklərini çatdırmaq üçün qürur və iftixarla buraya toplaşmışlar!

Bu, xalqımızın milli birliyinin daha bir təsdiqidir!

Bu, hərb meydanını qələbə ilə bitirən dövlətimizin dünyaya sülh mesajıdır!

Bu, vətəndən uzaqda yaşayan soydaşlarımızın tükənməz vətən sevgisinin daha bir təntənəsidir!

Bu həm də Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin, diplomatiya və informasiya müharibəsindəki qələbəsinin bir daha nümayişidir!

***

Bu gün doğma diyara təşrif gətirmiş azərbaycanlılar dünyaya Şuşadan baxırlar!

Zəfər qalası Şuşadan!

Bütün şəhərlərin ən ucası Şuşadan!

Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Zəfər müharibəsi ilə azad etdiyi Şuşadan!

***

2020-ci ilin 8 noyabrına qədər biz Şuşaya kənardan, həsrətlə baxırdıq!

Bu doğma şəhərə nə səsimiz çatırdı, nə də əlimiz!

Heç Şuşanı geri qaytarmağa gücümüz də yox idi!

Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyev “dəmir yumruğu”nun qüdrətini göstərdi!

Qəhrəman Azərbaycan əsgəri Şuşanı azad etdi.

İndi isə ermənilər Şuşaya uzaqdan, yana-yana baxırlar…

Biz növbəti tədbirimizi – Dünya Azərbaycanlılarının Zəfər qurultayını azad Şuşada qələbə sevinci, qürur və iftixar hissi ilə keçiririk!

Qurultay iştirakçıları həm də Cıdır düzündə qalanacaq Zəfər tonqalının işığına və istisinə toplaşırlar.

***

Bu gün dünya da Şuşaya baxır…

Azərbaycan xalqının, Azərbaycan diasporunun nümayəndələri mədəniyyət paytaxtı Şuşaya toplaşaraq qürurla, ucadan bəyan edirlər:

Biz Azərbaycanlılarıq!

Biz Vətənsevərlərik!

Biz qalib xalqın təmsilçiləriyik!

Biz sülh və əməkdaşlıq tərəfdarıyıq!

Eyni zamanda:

* İşğalçı ordunu məhv etməyi;

* Xain düşmənləri Vətəndən qovmağı;

* Torpaqlarımızı qorumağı;

* Vətənimizi tikib-quraraq cənnətə çevirməyi;

* Dosta mehriban, düşmənə qənim olmağı;

* “Dəmir yumruq” ətrafında hər an sıx birləşməyi də bacarırıq!

Biz qaliblərik!

Qarabağ Azərbaycandır!

Bəxtiyar SADIQOV