Məzahir Heydərli
“Xəbərim.az” saytının baş redaktoru
Formula 1 yarışları artıq illərdir Bakının küçələrində keçirilir. Bu təkcə sürət, adrenalin, mühərriklərin səsi deyil, Azərbaycanın özünü dünyaya təqdim etdiyi ən böyük vitrindir. Küçələrimizdəki hər bir döngə, hər bir sürət düzbucağı təkcə idman yox, həm də siyasi, iqtisadi və mədəni bir mesajdır: “Azərbaycan güclüdür, təhlükəsizdir, qonaqpərvərdir”.
Bir zamanlar xəritədə adını çətin tapanlar indi Bakı dedikdə dərhal Formula 1-i xatırlayır. Dünyanın aparıcı telekanalları hər il milyonlarla tamaşaçıya Azərbaycanı göstərir. Qız qalasının, Xəzərin sahilinin fonunda yarışan bolidlər ölkəmizin vizit kartına çevrilir. Bu, ən güclü təbliğatdır, çünki canlıdır, təsirlidir və bütün dünyanı həyəcanlandırır.
Formula 1 həm də iqtisadi layihədir. Minlərlə turist Bakıya gəlir, otellər dolur, restoranlar işləyir, xidmət sektoru canlanır. Bir həftəlik yarış ölkəyə illərlə edilən reklamdan daha çox qazanc gətirir. Büdcəyə əlavə vəsait daxil olur, yeni iş yerləri yaranır, biznes mühiti genişlənir.
Ən əsası isə bu yarış Azərbaycanı yeni imiclə tanıdır. Burada həm qədimlik, həm müasirlik, həm Şərq, həm də Qərb birləşir. Dünyanın ən bahalı idman layihələrindən birinə ev sahibliyi edən Bakı artıq beynəlxalq xəritədə sadəcə bir paytaxt yox, dünya idmanının mərkəzlərindən biri kimi görünür.
Formula 1 artıq Azərbaycanın sürətinə çevrilib. Bu sürət xalqımızın qələbə ruhunu, dövlətimizin gücünü, şəhərimizin gözəlliyini bütün dünyaya göstərir.