BP şirkətinin Türkiyədəki baş verən dağıdıcı zəlzələ zamanı boru kəmərlərinə və nasos stansiyalarına ciddi ziyan dəyməyib.
Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.
“Bu səbəbdən də ixrac əməliyyatları dayandrmayıb. İxrac edilən xam neft Ceyhan limanında yerləşən çənlərə toplanıb. Artıq bu çənlərdəki neftin ixracı da davam etdirilir. Gələn həftədən Bakı-Tbilisi-Ceyhan Boru Kəməri ilə əməliyyatlar tam bərpa ediləcək. Biz bu faciəvi müddətdə Türkiyə hökuməti ilə danışıqları davam etdirəcəyik və ora ediləcək köməyimizi davam etdirəcəyik”, – Q. Counz bildirib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələyə 5 milyon ABŞ dolları yardım ayırıb: “Zəlzələ baş verən zaman BP bütün gücünü səfərbər edib. İlk olaraq şirkət Türkiyəyə yanacaq göndərilməsinə başlayıb”.
O bildirib ki, BP-nin dünya üzrə ianə verilməsi ilə bağlı kanal açılacaq: “Dəstək olmaq və ianə vermək istəyənlərə şirkət də dəstək olacaq. Bütün fikrimiz və dualarımız Türkiyənin yanındadır”.