Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinə yeni formatda start verilir!backend

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin fərdi layihələri üçün “İdeyanı Reallaşdır – 2022” adlı qrant müsabiqəsinə start verir. Cari il üçün nəzərdə tutulan müsabiqə çərçivəsində gənclər üçün yeni layihə istiqamətləri və yeni qiymətləndirmə mexanizmi tətbiq olunacaq.

Gənclər Fondu 7 iyul 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaşlı gəncləri müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə müraciətləri Gənclər Fondunun E-Xidmətlər Sistemi (www.youthfoundation.az) və ya “GencAPP” mobil tətbiqi vasitəsilə təqdim edilə bilər.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclərin layihə təkliflərini qrant şəklində maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.