İyulun 5-dən sonra rayonlara gediş-gəliş bərpa olunur?- AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi iyunun 22-də 478 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan edilərək sərt karantin rejimi tətbiq edilib. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər 2 həftəlik karantin rejimi nəticəsində gündəlik yoluxmalar azalarsa iyulun 5-dən rayonlara gediş-gəliş bərpa oluna bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, iki həftəlik sərt karantin rejimi məcburi bir addımdır: “Koronavirusa yoluxanların çoxusu Bakıda yaşayanlardır. Əgər Bakıda karantin rejimi elan olunmasaydı, xəstə insanlar rayonlara gedərək bu virusun bölgələrdə geniş yayılmasına səbəb olardılar. Şübhəsiz ki, koronavirusla bağlı gərginlik azaldıqdan sonra karantin rejimi ləğv ediləcək və insanlar əvvəlki kimi rayonlara gedib-gələcəklər. Bakı insanların ən çox yaşadığı şəhərdir. Əhalimizin 30-40 faizi Bakı və onun ətrafında yaşayır. Eyni zamanda rayonlardan Bakıya işləməyə və təhsil almağa gələnlər də çoxdur. Hesab edirəm ki, koronavirus təhlükəsi sovuşandan sonra Bakının yükünün azaldılması barəsində düşünməyə dəyər. Universitetlərin, dövlət idarələri və şirkətlərin Bakıdan kənara köçürülməsi buna dəstək ola bilər. Həmçinin regionlarda aşağı faizlə ipotekaların verilməsi daha çox mənzillərin tikilməsinə və insanların daha çox rayonlarda yaşamasına səbəb olacaq. Qaldı ki, iyulun 5-dən sonra bölgələrə gediş-gəlişin bərpasına bu barədə danışmaq hələ tezdir. Hər şey 2 həftəlik sərt karantin rejiminin nəticəsindən asılı olacaq. Təbii ki, yoluxma sayında gözlənilən azalma olarsa müəyyən şərtlələ bu məsələyə baxmaq olar. Əlbəttə, bu qərarı vermək səlahiyyəti Operativ Qərargaha aiddir. Onlar vəziyyəti analiz edərək düzgün qərarı verəcək”.