“KİV-lər sosial şəbəkələrdəki şaiyələri yaymaqdan çəkinməlidir”backend

4 avqust tarixində Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Partlayış zamanı xəsarət alanların sayı isə 4 mini keçib. Hadisə sosial şəbəkələrdə insanlar arasında fikir ayrılığı yaradıb və çaxnaşmalara səbəb olub.

 

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Əli Hacızadə bildirib ki, sosial şəbəkələrdə olan bütün paylaşımlar, həmçinin də Beyrutdakı məlum partlayışın videoları, hər sosial şəbəkənin qaydalarına uyğun nizamlanır: Bəzi videolar silinə və ya onlara müəyyən məhdudiyyətlər tətbiq edilə bilər, bu hallar da yenə də konkret sosial şəbəkənin qaydaları çərçivəsində edilir. Hətta bəzi videolar, “qaydalara uyğun deyil” bəhanəsi ilə silinə, daha sonra verilmiş apelyasiya əsasında bərpa oluna da bilər.

 

Əli Hacızadə qeyd edib ki, mütəxəssislərin dediklərini adi insanların son həqiqət kimi qəbul edir: Burada şəxsi subyektiv fikirləri və simpatiyaları bir kənara qoyub real vəziyyəti təhlil etmək lazımdır. Reallıqdan uzaq, mütəxəssisin şəxsi simpatiyalarına və ya antipatiyalarına söykənmiş fikirlər yalnız və yalnız cəmiyyəti çaşdırmağa və həqiqəti marjinallaşdırmağa xidmət edir. Livan hadisələri də bunu bir daha göstərdi. Burada kütləvi informasiya vasitələrinin də məsuliyyətini xüsusi qeyd etmək lazımdır. Bəzi KİV-lər sosial şəbəkələrdən götürdükləri şaiyələri və başqa yoxlanılmamış məlumatları yaymaqdan çəkinməlidirlər. Başqa bir səhv, məsələn bundan əvvəl heç vaxt Livan və ya Yaxın Şərqlə məşğul olmamış insanın, hadisələr haqqında rəyini “mütəxəssis rəyi kimi” təqdim etməkdir.