Milli Məclisin deputatı Müşfiq Cəfərov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş beynəlxalq tədbirlərdə iştirak etmək üçün Bosniya və Herseqovinanın Sarayevo şəhərinə səfər edib.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyinin, Azərbaycan Gənclər Fondunun, “Saf Həyat Naminə” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı və iştirakı ilə fevralın 23-də Sarayevo şəhərində “Qarabağ milli irsin izləri ilə” adlı beynəlxalq konfrans keçirilib.
Səfir Vilayət Quliyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Srebrenitsa Anaları İctimai Birliyinin sədri Munira Şubaşiç, Post-Münaqişə Tədqiqat Mərkəzinin sədri Velma Şariç, ölkədə tanınmış gənc təhlilçi Admir Lisica tədbirdə çıxış ediblər.
Sonra çıxış edən Milli Məclisin deputatı M.Cəfərov Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 31 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadığını bildirib. Deputat deyib ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Ölkəmizdən konfransda iştirak etməyə gələn nümayəndə heyəti Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini anıblar.