“Bəzi vətəndaşlar qaydalara məhəl qoymur, gizli şəkildə toy, yas və digər mərasimlər keçirməyə cəhd edir. Bu da yoluxmanın artmasına təsir edir. Yoluxmanın qarşısını almaq üçün ölkədə yenidən sərt karantin rejiminin tətbiqinin şahidi ola bilərik. Əgər virusa yoluxma artıma doğru gedərsə, sərt karantin rejimi yenidən tətbiq olunacaq” .
Ötən gün bu sözləri Redaktor.az-a açıqlamasında Millət vəkili Ramil Həsən karantin rejiminin uzadılması ilə bağlı danışarkən deyib. Qarşıdan payız mövsümünə aid respirator xəstəliklərin gəlməsini nəzərə alsaq, virusa yoluxmanın yenidən arta biləcəyi və qrip xəstəliklərinin fonunda daha çoxluq təşkil ediləcəyini demək olarmı?
Mövzu ilə bağlı Sonxeber.az- a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva danışıb:
“Səhiyyə Komitəsinin üzvü kimi Ramil müəllimin fikrini təsdiqləyirəm. Əgər yoluxma sayı artarsa, virusa yoluxanların sayı sağalanların sayını üstələyərsə, əlbəttə yenidən sərtləşmə rejiminə keçmək riski var. Payız ayında havaların soyumasına doğru gedirik, respirator xəstəliklərin artması ilə qarşılaşacağıq.
Əgər koronavirusa digər bir viruslar paralel olaraq qoşularsa bu daha da ağırlaşmalara gətirib çıxara bilər. Hər şey insanların məsuliyyətindən asılıdır. İnsanlar bu məsələyə laqeyd yanaşmamalı, arxayınlaşmamalıdırlar. Heç kəs virusun artıb- azalacağını qabaqcadan deyə bilməz. Risk var, bütün dünya bu xəstəlikdən qurtulmayıb. Hadisələr hazırda əks itiqamətə gedir, yəni əvvəllər yay aylarında virusla mübarizə aparmaq daha asan idi, nəinki indi. Havalar soyuduqca respirator xəstəliklər artacaq. Bu xəstəliklər koronavirusa qoşularsa deyərdim ki, daha sərt karantin rejiminə yenidən qayıda bilərik. Bu qaçılmazdır. Virusa yoluxma sayı 2 rəqəmliyə qədər düşdü. Yenidən yoluxma artaraq bu 3 rəqəmliyə çatıb. Dünənki statistikada yenə də çoxalma göstərilir”.