Polis Xaçmazda əməliyyat keçirdi – Saxlanılan var – FOTOLARbackend

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində böyük həcmdə narkotik maddə dövriyyədən çıxarılıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan rayon sakini Ceyhun Cəbrayılovun yaşadığı ünvana baxış keçirilib.

Keçirilən baxış zamanı C.Cəbrayılovun yaşadığı evdən satış məqsədi ilə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, həyətində xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi hündürlüyü 80-280 sm arası olan 361 ədəd çətənə kolları aşkarlanıb.

Aşkarlanan narkotik maddələr və çətənə bitkiləri qablaşdırılaraq, bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı C.Cəbrayılov törədiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.