Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Xeberim.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, faktla bağlı Mingəçevir rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib.
Qeyd edək ki, ötən gün Mingəçevirdə “Opel” markalı minik avtomobili kütləyə çırpılıb. Nəticədə 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılıb.
2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Səccad Məmmədlinin durumu daha ağırdır və o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2015-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.