Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhaliyə karantinlə bağlı ödənilən birdəfəlik ödəmələrin 196 manat həcmində verilməsiylə bağlı səsləndirilən təklifə münasibət bildirib.
Dövlət büdcəsində yaşayış minumumu 196 manat həcmində müəyyən edilib. Bəzi deputatlar əhaliyə sərt karantin dövründə ödənilən 190 manat vəsaitin yaşayış minumumu həddinə çatdırılmasını təklif ediblər.
İnsanlar sosial şəbəkələrdə bu qərara öz etirazlarını bildiriblər.
Mövzuyla əlaqədar Sonxeber.az-a 190 manatla bağlı təklifi səsləndirən deputat Fazil Mustafa danışıb:
“Yaşayış minumumu 190 manatdan 196 manatadək qaldırılıb. Mən təklif etdim ki, dövlətin pandemiya dövründə göstərdiyi yardım yaşayış minumumundan artıq olmalıdır. Bununla bağlı məsələni Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayeva ünvanladım. O da məsələnin davam edəcəyi təqdirdə, müzakirə ediləcəyini bildirdi.
Nəzərdə tutulmuş məbləğ minumum 196 manatdır, bu daha yüksək rəqəm də ola bilər. Bunu səhv anlayanlar məqsədyönlü şəkildə bir qrup insanlardır ki, biz nə desək, onları yozurlar. Lap altı manat artım olsun, nə ziyanı var?
Hesab edirəm ki, bu məbləğ 300 manat olmalıdır. İnsanların sıxıntıları, dərman, ərzaq pulu var. Məbləğin nə qədər müəyyən ediləcəyini deyə bilmərəm. Biz hər halda təklifimizi etdik”.