Xəbər verdiyimiz kimi ötən dəfə keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 31 avqust tarixinə qədər metronun bağlı qalacağını bildirib. Qarşıdan payız mövsümü gəlir. Bugünkü yağışlı hava şəraitini də nəzərə alsaq, vətəndaşların iş yerlərinə, gedəcəkləri ünvanlara vaxtında çatması ilə bağlı artıq problemlər yaranıb. Şəhərdaxili ekspress avtobuslar nəqliyyat dövriyyəsinə buraxılsa da, belə hava şəraitində hərəkətin təhlükəsiziliyinə nəzarəti təmin etmək üçün ictimai nəqliyyatın fəaliyyətində sürət həddi də aşağı salınıb. Bu da ünvanlara çatmaqda problemlər yaradıb. Bunları nəzərə alsaq, sentyabr ayında metronun açılması mümkündürmü?
Bununla bağlı Sonxeber.az-a Milli Məclisin deputatı Cavid Osmanov danışıb:
“Yumşaldılma aparılandan sonra yoluxanların sayında artma müşahidə olunur. İnsanların metronun açılması ilə bağlı təklifləri var. Aydın məsələdir ki, metro işləməyəndə digər ictimai nəqliyyat vasitələri, xüsusən avtobuslarda sıxlıq əmələ gəlir. Havaların payızda yağışlı keçəcəyini də nəzərə almaq lazımdır. Bir şeyi unutmaq olmaz ki, qapalı yerlərdə virusa yoluxma halları daha çox olur. Buna görə də hazırda metro ən təhlükəli nəqliyyatdır. Yoluxma sayında istənilən halda azalma və ya çoxalma müşahidə oluna bilər. Buna baxmayaraq, qeyd etdiyim amillər müəyyən çətinliklər yarada bilər. Müşahidə onu göstərə bilər ki, metro açılandan sonra yoluxma daha da çoxala bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabr ayının 1- dək mövcud vəziyyəti təhlil etdikdən sonra metronun açılması haqqında qərarı verə bilər”.