Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 8-ci üçtərəfli görüşü və bu görüşdə müzakirə olunan məsələlər çox mühüm tarixi əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva söyləyib.
Onun sözlərinə görə, bu formatda görüşlərin keçirilməsi hər üç tərəf üçün böyük əhəmiyyət daşıyır: “Torpaqlarımızın işğaldan azad olunmasından sonra həm Türkiyə, həm də Gürcüstan parlamentinin deputatları Şuşada keçirilən 7-ci görüşdə Azərbaycanın mövqeyini tam dəstəkləmişdilər. Düşünürəm ki, bu görüşlərdə biz, biri – birimizə, əməkdaşlığımıza sadiq olduğumuzu ifadə edirik”.
Deputat deyib ki, dünya gündəmində baş verən dəyişikliklər fonunda dövlətlərimizin də gündəmi dəyişir. Çox mürəkkəb dəyişiklilərin baş verdiyi bir zamanda əməkdaşlığa sadiqlik, regionda sülhün, sabitliyin bərqərar olması hər üç dövlət üçün mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasındakı proseslər, yeni yaranan imkanlar və münasibətlər region dövlətlərini maraqlandıran məsələlərdəndir. Bu görüşdə də sülhə gedən yol müzakirə olunub. Burada da Türkiyənin və Gürcüstanın dəstəyini hiss edirik.
“Düşünürəm ki, bu əməkdaşlığın gələcəkdə daha faydalı, daha da səmərəli olduğunu müşahidə edəcəyik”, – deyə S.Fətəliyeva vurğulayıb.