Sevinc Fətəliyeva: Dövlət vətəndaşların sağlamlığının qorunması üçün genişmiqyaslı tədbirlər həyata keçirirbackend

Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə bütün imkanlarını səfərbər edib. Dövlət vətəndaşların sağlamlığının qorunması üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Görülən işlərin tam nəticə verməsi üçün vətəndaşlar öz məsuliyyətini dərk etməli və qaydalara əməl etməlidirlər.

Bu fikirləri  açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib: “İyunun 9-da modul tipli yeni xəstəxanaların açılışında Prezident İlham Əliyev qeyd edib ki, mənim üçün insanların sağlamlığı tərəddüdsüz olaraq birinci yerdədir. Dövlət başçısı vətəndaşların dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyini qeyd edərək, bir daha insanları məsuliyyətli, nizam-intizamlı olmağa çağırıb. Çünki insanların böyük əksəriyyəti sosial məsuliyyətini dərk etsə də, müəyyən bir qisim çağırışlara əməl etmir ki, bu da virusun yayılmasına səbəb olur”.

İnfeksiyanın geniş yayılmaması üçün tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVID-19-a yoluxanların sayında artımın müşahidə edildiyini təəssüflə bildirən deputat deyib ki, bunun səbəbi bəzi insanlarda arxayınlığın yaranması, onların qoruyucu vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməmələri ilə bağlıdır. Halbuki, indiyə qədər Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər dünya miqyasında təqdir edilir. Azərbaycanın pandemiya ilə mübarizəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.

“Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışında dünya ölkələrinin pandemiya ilə mübarizəsi və Azərbaycanın bu sahədə əməkdaşlığı haqqında fikirlərini də bildirib. Dövlətimizin başçısı qeyd edib ki, səhiyyə sistemi həmişə nümunə göstərilən inkişaf etmiş bir sıra ölkələrdə ölənlərin sayı Azərbaycanda virusa yoluxanların sayından çoxdur. Hansı ki, onların əhalisi Azərbaycanın əhalisinin sayı ilə təxminən bərabərdir”, – deyə S.Fətəliyeva qeyd edib.

“Onu da xüsusi vurğulamaq lazımdır ki, pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan beynəlxalq miqyasda öz töhfələrini verir”, – deyən deputat bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Avropa İttifaqı isə ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə beynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi. Digər vacib məqam isə Azərbaycanın bir sıra ölkələrə yardım göstərməsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan indiyə qədər fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərib. O ölkələr ki, onların buna ehtiyacı var. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Həmin 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Bundan əlavə, Azərbaycan fərdi qaydada üç beynəlxalq təşkilata ianə verib. Beləliklə, dövlətimizin başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Həyata keçirilən tədbirlər onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda koronavirus pandemiyası ilə mübarizəyə böyük töhfələr verir.

<ins’>

</ins’>