Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Boston Consulting Group” şirkəti (BCG) ilə enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində mövcud və potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
Müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin BCG-nin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR ilə BCG şirkəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, BCG tərəfindən həyata keçirilən layihələr, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda müəssisələrdə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.