Azərbaycandan Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu24.com-a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında aparılan danışıqlar, həmçinin Agentliyin mütəxəssisləri tərəfindən müxtəlif təsərrüfatlardan, yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmadığını əks etdirən sübutlara əsasən 29 yanvar 2021-ci il tarixindən bu ölkəyə pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib.
Bildirilir ki, ixrac üçün icazə verilən hər bir təsərrüfatın məhsul partiyalarından AQTA tərəfindən qonur qırışıqlıq virusu üzrə müayinələr aparılacaq və müayinələrin nəticələrinə uyğun olaraq müvafiq sertifikatla təmin olunan sahibkarlıq subyektləri bu ölkəyə pomidor məhsulu ixrac edəcəklər.
Hazırda AQTA ilə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında müzakirələr davam etdirilir.