Tahir Budaqov: “31 mart soyqırımı xalqımızın əbədi qan yaddaşıdır”backend

“Azərbaycan xalqı son iki əsrdə erməni vandalizmi və terrorizminə məruz qalıb”.

Bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktik-konfransda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

T. Budaqov deyib ki, istər XX, istərsə də XXI yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçirib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar: “31 mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır. Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd edib. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı oldu. Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirəndə məlum olur ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. 1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamaqla yanaşı, mənəvi, ekoloji terror, müharibə cinayətləri törədib, dinc – sivil insanları qətlə yetirib. Bu faktlar təcavüzkar erməni vandalizminin siması və daha bir nümunəsi kimi tarixə düşüb”.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, 31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ümummilli Lider 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək genişmiqyaslı tədbirlər keçirilib. Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu istiqamətdə çox vacib işlər görüb: “Fondun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması isə böyük əhəmiyyət daşıyır. Fond tərəfindən keçmiş münaqişə ilə əlaqədar müasir və təkmil internet resurslarının yaradılması, müxtəlif dillərdə “Qarabağ həqiqətləri” adlı bukletlərin hazırlanması, geniş auditoriyaya paylanması və digər addımlar dünya ictimaiyyətinə doğru – obyektiv məlumatın çatdırılmasına imkan verib. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyasının uğurla davam etdirilməsi isə xüsusi qeyd edilməlidir. Bütün bunların nəticəsi kimi, ayrı-ayrı ölkələrin qanunvericilik orqanları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayət əməllərini qətiyyətlə pisləyən qərar və qətnamələr qəbul ediblər. Beləliklə, erməni vandalizminin real faktlar əsasında dünyada ifşa olunması, beynəlxalq informasiya platformasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, müharibəsonrası çoxvektorlu diplomatik fəaliyyətə informasiya dəstəyinin verilməsi kimi istiqamətlərdə həyata keçirilən tədbirlər strateji xarakter daşıyır”.

T. Budaqov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı: “Azərbaycanlılara qarşı erməni vandalizminin simasını təşkil edən digər qatillər və canilər də qanun qarşısında cavab verəcək, layiqli cəzalarını alacaqlar. Azərbaycan xalqının gücü-qüdrəti, beynəlxalq imici və nüfuzu, xalqımızın mübarizə əzmi və sarsılmaz həmrəyliyi buna imkan verir!”