Zaqatalada tələbənin qətli ilə bağlı cinayət işi başlanıldı – YENİLƏNİBbackend

Mayın 14-də saat 19 radələrində 2002-ci il təvəllüdlü Zaqatala rayonu Mosul kənd sakini İlyas İlyasovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Zaqatala rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 2003-cü il təvəllüdlü rayon sakini Əliməmməd Əliməmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ə.Əliməmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və səmimi peşman olmasını bildirib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


***09:59

Zaqatalada tələbəni qətlə yetirən şəxslə bağlı yeni xəbər var.

“Report” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında qeydə alınıb.

Belə ki, Mosul kənd sakini, 16 yaşlı Əli Əliməmmədov həmyerlisi, 18 yaşlı İlyas İlyasovu arasında şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra Ə.Əliməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, Ə.Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. İ.İlyasov isə universitet tələbəsidir.