İkili yanaşma “ayrı-seçkiliyi” BMT-də qəbul edilən qətnamələrə də yol tapıb, “ögey” və “doğma” kateqoriyasına aid olunan dövlətlərlə bağlı sənədlərə münasibətin meyarına çevrilib. Paradoks olsa da bu, faktdır.
69-cu sessiyada da BMT Təhlükəsizlik Şurasının 15 üzvü “Bütün terror təşkilatlarına maliyyə və silah yardımının dayandırılması” ilə bağlı qətnaməni yekdilliklə qəbul etdi. ABŞ prezident Barak Obamanın qətnaməyə münasibəti isə təəssüf doğurdu: “Bu qətnamə dünyaya ekstremizm və separatizmlə mübarizənin məsuliyyətini xatırlatmaq üçündür. Təmtəraqlı sözlərlə heç bir terror hadisəsinin qarşısını almaq mümkün deyil. Buna görə sözdən əməli işə keçmək vaxtıdır. Bir il sonra biz burada həmin mübarizənin konkret nəticələrini dinləyəcək, müzakirə edəcəyik.” Terrorun ildən-ilə “ çiçəklənməsi”, insanlara fəlakət gətirən faciələrin artması da göstərir ki, qırğınlara “amin” deyənlər üçün qətnamələr həqiqətən radikal qüvvələrlə mübarizədə kosmetik görüntüdür.
“Yaxın Şərqdə terrorçuların qəddarlığı ürək dondurur” söyləyən B.Obamanın Xocalı kimi başqa terror və soyqırımı qurbanlarını xatırlamaması beynəlxalq terrora qarşı koalisiya yaradanların bəşəri bəlaya çevrilən silahlı qruplaşmalara qarşı mübarizə aparmaq əvəzinə onları maliyyələşdirməsi siyasi riyakarlıqdır.
Ukrayna hadisələri “ikili standartlar”ın mövcudluğunu bir daha təsdiqlədi. Hadisələrə dərhal reaksiya verən, qısa müddətdə “beynəlxalq hüququn pozulmasına görə sanksiyalar tətbiq edəcəyi” ilə bağlı münasibətini bildirən ABŞ Yaxın Şərqdə ən uzunmüddətli – İsrail-Fələstin münaqişəsinin başlamasından 48 il ötəndən işğal faktını təsdiqlədi.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə ABŞ-ın rəsmi münasibəti payız küləyini xatırladır, Ştatlar rəsmi mövqe bildirməkdən yayınır. Əksinə ABŞ konqresmeni, respublikaçı, “erməni soyqırımı”nı etiraf edən qətnamənin müəlliflərindən olan Robert Dold Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi adlandırır.
Cari ilin sentyabrında keçirilən BMT Baş Assambleyasında çıxış edən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu kimi halları utancverici rəzalət adlandırdı. Sülhü yaratma və qoruma fəaliyyətinin daha səmərəli hala gətirilməsi yolunda BMT-nin köklü islahata ehtiyacı olduğunu “ Biz hər fürsətdə “ dünya beşdən böyükdür” həqiqətini beynəlxalq ictimaiyyətə çatdırırıq. Dünyanı beş ölkənin verdiyi qərarlarla məhkum edə bilməzsiniz” sözləri ilə bildirdi.
YAP Goranboy fəalı
Kəmalə Rüstəmova