AŞPA Bakı və İrəvanı danışıqlara çağırdıbackend

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ermənistan üzrə həmməruzəçiləri Andrey Şircel və Kimmo Kilyuner, Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl cəbhə bölgəsindəki vəziyyətlə bağlı birgə bəyanat yayıblar.
Həmməruzəçilər regional sabitlik üçün böyük risk olan Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlanması və böyüməsindən son dərəcə narahat olduqlarını ifadə ediblər.

Onlar hər iki tərəfdə mülki vətəndaşların və hərbçilərin həlak olmalarından dərin təəssüf hissi keçirdiklərini bəyan ediblər.

“Hər iki tərəfi döyüş əməliyyatlarını dərhal dayandırmağa, vəziyyəti gərginləşdirməməyə və Minsk Qrupu formatında danışıqlar masasına qayıtmağa çağırırıq. Bundan əlavə, bütün digər Avropa Şurasına üzv dövlətləri bu bölgədəki gərginliyə və qeyri-sabitliyə səbəb ola biləcək hər hansı bir hərəkət və ya danışıqdan çəkinməyə çağırırıq.

Bir daha təkrar edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur. Parlament Assambleyası Minsk Qrupu formatında sülh danışıqları üçün əlverişli bir mühitin yaradılmasına töhfə verməyə hazırdır”, – deyə bəyanatda vurğulanıb.