Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən artıq 35 il ötür. Xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illərlə imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Minlərlə dinc vətəndaş gülləbaran edilsə də, Bakıda, digər rayonlarımızda misli görünməmiş qətliam törədilsə də, insanlarımız əsarətin zəncirini parçalayıb azadlıq savaşına qalxdı. Xalq hərbi rejim və fövqəladə vəziyyət şəraitində belə, öz mübariz şəhidlərini çiyinlərinə qaldıraraq dünyaya əyilməz iradəsini və milli ləyaqətini nümayiş etdirdi. Bütün bu vəhşiliklərə rəğmən Mixail Qorbaçovun rəhbərlik etdiyi mərkəzi hakimiyyət kütləvi insan qırğınını gizlətmək istiqamətində növbəti cinayətinə əl atdı. Dövlət televiziyasının enerji bloku partladılaraq Azərbaycan informasiya blokadasına salındı. O zaman Azərbaycanın mərkəzə bağlı kölə rəhbərliyi qaçıb gizləndi, populist meydan qəhrəmanları da yoxa çıxdı. Xalq özü qanla yazılmış yeni tarixinə sahib çıxaraq xəyanətkar imperiyaya birdəfəlik “yox!” dedi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, görkəmli dövlət xadimi 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. Fərmanda deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz Ümummilli Liderimizin təşəbbüsü ilə baş vermişdir. Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində müzəffər Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı. Bu birlik və həmrəyliyi nümayiş etdirənlər məhz 1990-cı ilin 20 yanvarında şəhidlik adlı zirvəni fəth edənlərin ardıcılları idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar tarixini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12-də Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olacaqdır. Xalqımız əsl qəhrəmanlıq və vətənpərvərlik nümunəsi, şərəf tariximiz olan bu günü heç vaxt unutmayacaqdır.