“Ölkəmiz və dövlət başçımız bütün mümkün platformalarda sülhə və əməkdaşlığa olan arzumuzu ifadə etməklə dünyanın diqqətini cəlb etmişdir” – Ənvər Haqverdiyevbackend

Məqsəd Cənubi Qafqazda iqtisadi, siyasi və mədəni münasibətlər vasitəsi ilə müharibə riskini sıfıra endirməkdir

Məqsəd Cənubi Qafqazda iqtisadi, siyasi və mədəni münasibətlər vasitəsi ilə  müharibə riskini sıfıra endirməkdir

Ənvər Haqverdiyev

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi

Azərbaycan bütün siyasi, iqtisadi və hərbi proseslərin fonunda dünyada ən şəffaf ölkələrdən biri olduğunu son iki il ərzində dəfələrlə nümayiş etdirmişdir. Drövlət başçısının ifasında verilmiş müsahibələr, ikitərəfli və çoxtərəfli görüşlər dünyada Azərbaycan modelini danılmaz bir faktora çevirmişdir. Azərbaycan müharibədən mütləq qalib kimi çıxsa da, ötən iki il ərzində təkəbbürdən uzaq, sülhə və əməkdaşlığa meyilli siyasət həyata keçirməklə bütün dünya əhalisinə ciddi ismarıclar verməkdədir. Əlbəttə, ölkəmiz və dövlət başçımız bütün mümkün platformalarda sülhə və əməkdaşlığa olan arzumuzu ifadə etməklə dünyanın diqqətini cəlb etmişdir. Belə platformalardan biri də “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransdır. Dünyanın beyin mərkəzlərinin 20-dən artıq nümayəndəsinin iştirak etdiyi konfrans bu il Azərbaycanda ikinci görüşünü keçirmişdir. Beləki keçən il görüş iştirakçılarının təklifi ilə bu il yenidən toplanmaq qərara alınmışdır. Əlbəttə, Azərbaycan dövləti belə demokratik və ədalətli təkliflərə qarşı çox diqqətlidir. Bu ilin keçən ildən fərqi isə konfransın birinci hissəsinin işğaldan azad olunmuş torpaqlarda, xüsusi ilə Şuşada  keçirilməsi olmuşdur. Görüş zamanı möhtəbər qonaqlar iki məqama diqqət çəkdilər. Qarabağda törədilmiş misilsiz dağıntılar və azad olunmuş torpaqlarda həyata keçirilmiş sürətli yenidənqurma işləri verilən suallara və ifadə olunan mövqelərə yansımışdır. Hər iki məqam da özlüyündə dünyaya ötürmək istədiyimiz vacib informasiyalardandır.

Əlbəttə, “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransın və deyərdim ki, regionumuzda keçirilən bir çox möhtəbər görüşlərin ən əsası məqamı məhz dövlət başçısı cənab İlham Əliyevin konfrans iştirakçıları ilə görüşüdür. 2 saat 50 dəqiqə davam edən görüşü ingilis dilində və heç bir əlavə yardım vasitələri olmadan davam etdirən dövlət başçısı qeyri-adi istedada malik olduğunu bir daha sübut etdi. Bir daha deyirəm çünki 44 günlük Vətən Müharibəsi dövründə və sonrasında verdiyi müsahibələr, iştirak etdiyi görüşlər, konfranslar dünyada dövlət kimi mövqeyimizi daha da gücləndirmişdir. Dünyanın müxtəlif beyin mərkəzlərinin 23 fərqli sferadan olan qonağının arzu etdikləri mövzulara toxunaraq suallar verməsi və onlara dövlət başçısı tərəfindən heç bir məhdudiyyət qoyulmadan səmimi cavablar verməsi həm Azərbaycanı dünyaya daha bir addım yaxınlaşdırır, həm də müharibədən sonra yeni reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Üç saata qədər davam edən konfransda erməni vandalizminin təzahürləri, Şuşa Bəyannaməsi, İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnallar, Azərbaycanın sülh gündəliyini, Qarabağda yaşayan ermənilərin Azərbaycan dövlətinin vətəndaşları kimi daha təhlükəsiz və rahat həyatları, yeni enerji layihələri, ATƏT-in Minsk qrupunun həmsədrlər formatının fəaliyyətsizliyi, güclü erməni diasporunun Fransada qərarvermə mexanizminə mənfi təsiri, Cənubi Qafqazda inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq formatları, Cənubi Qafqazda müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycanın təklifləri, Azərbaycanda dövlət siyasətinin ideoloji təməlləri, Azərbaycan ilə Rusiya arasında müttəfiqlik, Türkiyə və Rusiyanın müharibədən sonra regionda rolu, müharibənin bitməsindən sonra minalanmış ərazilər, Ermənistana və Azərbaycana verilmiş maliyyə paketi arasında böyük və qəbuledilməz fərq, Azərbaycan və Avropa İttifaqının qarşılıqlı münasibətləri, Zərdüştlük məbədi, məscid, katolik kilsəsi, pravoslav kilsəsi, erməni kilsəsi və sinaqoqların dövlətimizin qayğısı altında olması, Azərbaycanın Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkə olması, ermənilərin tarixşünaslıq elminə qarşı etdikləri təcavüz, ermənilərin Türkmənçay və Gülüstan müqavilələrindən sonra Persiyadan və Şərqi Anadoludan bu ərazilərimizə köçü, Zəngəzur dəhlizi, Çin ilə münasibətlər, sərhədlərin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan xəritələr, Azərbaycan qazının Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixracı, Azərbaycan və Fransa arasında güclü mədəni münasibətlər, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu məsələsi, nəqliyyat dəhlizlərinin qısa müddətdə reallaşdırılması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi ekoloji terror, yeni idarəçilik sistemi və digər bir çox mövzu ilə bağlı cənab Prezident İlham Əliyev dövlətimizin mövqeyini açıq ifadə etmişdir.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransın və bu kimi görüşlərin digər bir faydası da ondan ibarətdir ki, demokratik müzakirə fonunda dünyadan olan dostlarımız ölkəmiz haqqında aydın təsəvvürə malik olurlar. Son nəticədə isə dünya əhalisi təcavüzkar və işğalçı Ermənistanla sülhsevər və əməkdaşlığa meyilli Azərbaycan arasında olan dərin fərqi özləri görürlər. 30 illik işğal dövründə ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ciddi problemlər yaşadığımız heç kimə sirr deyildir. Bu gün isə artıq bizim yaratdığımız yeni reallıqlar dünya  ictimaiyyəti tərəfindən müzakirə olunur, alqışlanaraq qəbul edilir.

Görüş zamanı təxribat xarakterli suallara təmkinlə cavab verən dövlət başçısı bu cür halları belə xeyirimizə çevirməyi gözəl bacardığını nümayiş etdirmişdir. Azərbaycan dövləti Ermənistan da daxil olmaqla heç bir digər dövlətin nə ərazisinə göz tikir, nə də daxili işlərinə qarşır. Lakin eyni zamanda da analoji yanaşmanı qarşı tərəfdən də gözləyir. Məqsəd regionda mövcud dövlətlərin maraqlarını cəlb edəcək iqtisadi, siyasi və mədəni münasibətlər formatları tədbiq edərək, müharibə riskini sıfıra endirməkdir. Cənubi Qafqaz regionunda güclü iqtisadi potensial var. Açılacaq dəhlizlər, inşa olunacaq istər dəmir, istərsə də avtomobil yolları vasitəsi ilə şərqdən qərbə uzanan ən rentabelli tranzit yolların məhz Cənubi Qafqazdan keçdiyi reallıqdır. Belə bir vəziyyət hər üç Cənubi Qafqaz dövlətinin qarşılıqlı əməkdaşlığını zəruriləşdirir. Artıq illərdir Azərbaycan və Gürcüstan bir çox sferada qarşılıqlı münasibətlər yarada bilmişlər. İndi isə Ermənistan üçün yeni bir fürsət yaranıb ki, təcrid vəziyyətindən çıxa bilsin və ciddi maddi gəlir əldə etsin. Ermənistan Azərbaycanın təkliflərini dərindən təhlil etməli və ciddi nəticələr çıxarmalıdır.

Əlbəttə, Rusiya və Azərbaycan münasibətləri tarixdə ən məhsuldar dönəmini yaşamaqdadır. Ukraynalı qonağın sualına cənab Prezidentin öz təcrübəmizə əsaslanaraq cavab verməsi düşünürəm ki, həm ukraynalı dostlarımız, həm də elə rusiyalı mütəffiqlərimiz tərəfindən məqbul hesab olunmuşdur. “Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını heç vaxt məğlub edə bilmərsən” deməklə cənab Prezident Azərbaycan xalqının mənfur işğal faktı ilə heç zaman barışmadığını və sonda qalib gəldiyi diqqətə çatdırmışdır.

ATƏT-in Minsk qrupu Rusiya-Ukrayna arasında müharibə dönəmində öz fəaliyyətini de-yure dayandırsa da, belə demək mümkündürsə Minsk qrupunun həmsədrlər formatı artıq uzun illərdir ki, de-fakto fəaliyyətsizdir. Biz isə onlarsız keçmiş Dağlıq Qarabağ problemini həll etmişik. Demək yeni formatda onlara yer yoxdur. Belə olan təqdirdə Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini alqışlayır. Avropa İttifaqı ilə çox geniş gündəlik mövcuddur. Bariz nəticələrin də var. Lakin hər iki tərəf qarşılıqlı münasibətlər müstəvisində danışıqlar masası arxasında vasitəçilərsiz oturmağı bacarmalıdırlar. Azərbaycan bununla bağlı dəfələrlə təkliflər versə də, təəssüflər olsun bir il yarım vaxt itirilmişdir.

Minalardan təmizləmə məsələsi də vacib amil kimi masasının üzərində olan mövzulardandır. Dünyaya bir daha humanitar dəstək üçün səslənən Prezidentin səsinə dünya səs verməsə, ümumdünyəvi həmrəylikdən danışmağa, ümumbəşəri dəyərlərdən söz açmağa dünyanın haqqı olmayacaqdır. Eyni zamanda UNESCO və digər beynəlxalq təşkilatlar, qurumlar və bir sıra dövlətlər də işğaldan azad olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına ədalətli mövqe nümayiş etdirməlidirlər. Beynəlxalq hüquq normalarını qoruyub saxlamaq üçün ədalətli mövqeyin nümayiş olunmasının böyük əhəmiyyəti vardır.